“Milla Dairy MMC” olaraq ölkədə peşə təhsilinin inkişafına və real sektorla təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verən yeni bir addım atdıq. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalamaqdan məmnunuq.
Əməkdaşlıq memorandumunu Milla Dairy-nin İdarə Heyətinin sədri və Mərkəzin direktoru Şaban Cəərçiyev imzalayıblar.
Memorandum çərçivəsində Mərkəzin tələbələrinə müəssisəmizdə istehsalat təcrübəsi keçmək imkanı yaradılacaq. Bu təcrübə tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına, praktiki bilik və bacarıqlarını inkişaf etdirmələrinə dəstək verəcək.
Bundan əlavə, Milla Dairy MMC tərəfindən təhsilində və fəaliyyətində fərqlənən tələbələr üçün təqaüd proqramının təşkili nəzərdə tutulur.
Öz növbəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Milla əməkdaşlarının ixtisasartırma və peşəkar inkişafına yönəlmiş təlimlərin keçirilməsini təmin edəcək.
Memorandumun imzalanması çərçivəsində Mərkəzin tələbələri müəssisəmizdə infoturda iştirak edərək istehsalat prosesləri, laboratoriya analizləri, keyfiyyətə nəzarət mexanizmləri və məhsullarımızın istehsalı ilə bağlı ətraflı məlumat əldə ediblər.
Bu əməkdaşlığın peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki hazırlığının gücləndirilməsinə və sənaye–təhsil əlaqələrinin dayanıqlı inkişafına töhfə verəcəyinə inanırıq.
